Bilik Fondu Yunus Əmrə İnstitutu ilə maraqlı layihələr həyata keçirəcək


Yunus Əmrə İnstitutu, Bakı Türk Kültür Mərkəzinin müdiri İbrahim Yıldırım Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. 
Qonağı salamlayan icraçı direktor Oktay Səmədov Bilik Fondunun mədəniyyət sahəsində maarifləndirmə işinə verdiyi töhfədən danışıb. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərindən bəhs edən O.Səmədov Yunus Əmrə İnstitutu ilə Bilik Fondu arasında əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladıb. İcraçı direktor oxşar mədəni və mənəvi dəyərlərin daşıyıcıları olan iki qurumun birgə fəaliyyətinin səmərəli nəticələr verə biləcəyini də deyib. 
İbrahim Yıldırım həm Türkiyə, həm də Azərbaycan gəncləri arasında ortaq çalarları olan folklorumuzun, musiqimizin, incəsənətimizin və ədəbiyyatımızın təbliğinə ehtiyac olduğunu dilə gətirib. Bu istiqamətdə konkret təkliflərini təqdim edib.
Qarşılıqlı səfərlərin təşkili ilə teatr sənətinin, milli geyimlərin, uşaq folklorunun öyrənilməsi, gənc yazarların tanıdılması, müxtəlif sərgilərin, simpoziumların keçirilməsi ilə bağlı təkliflər müzakirə olunub.
Görüşdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Sərxanbəy Xudiyev iştirak ediblər.

Tarix: 17.11.2015

Son xəbərlər