Azərbaycan multikulturalizmi İsveçdə


Stokholm, 19 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycanın İsveçdəki səfirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə noyabrın 18-də Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-in İcraçı direktoru Azad Məmmədov daxildir.

Konfransın açılışında Azərbaycan nümayəndə heyətini və isveçli qonaqları salamlayan Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel bu yaxınlarda Amerika yəhudiləri nümayəndə heyətinin Azərbaycana səfərini və bu səfərin nəticəsi olaraq tanınmış “Times” jurnalında dərc olunan məqalədə nümayəndə heyətinin təəssüratlarını konfrans iştirakçılarına xatırladıb.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov İsveçdən və Azərbaycandan gələn qonaqları salamlayaraq bu tədbirin əhəmiyyəti barədə danışıb. Səfir konfransın məqsədinə toxunaraq bildirib ki, dərin tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət və din arasındakı münasibət, həmçinin hökumətin din sahəsindəki siyasəti ilə bağlı reallıqlar barədə məlumatların İsveç cəmiyyəti ilə bölüşdürülməsi çox əhəmiyyətlidir. Bildirib ki, Stokholmda belə bir konfransın təşkilində məqsəd ölkəmizdə və cəmiyyətimizdə uzun illər formalaşmış tolerantlıq təcrübəsini, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyəti İsveç ictimaiyyətinə çatdırmaqdır. O deyib ki, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində Azərbaycanda tolerantlıq mühiti qoruna bildi, ölkədə yaşayan bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı. Bu gün isə Azərbaycan hakimiyyəti müasir dövrün tələblərinə uyğun olaraq tolerantlıq ənənələrini daha da inkişaf etdirir. Diplomat Azərbaycanın multikulturalizm məsələləri ilə məşğul olan dövlət rəsmilərinin və dini liderlərin bu tədbirə təşrif buyurduqlarını və Azərbaycanda tolerantlıq mövzusunda çıxış edəcəklərinı diqqətə çatdırıb. O deyib ki, Azərbaycanın tolerantlıq siyasəti yalnız ölkənin hüdudları ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhfədir.

Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev çıxış edib.

“Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edən akademik Kamal Abdullayev təhlükəsizlik məsələlərindən danışıb, ümumi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunmasının vacibliyini qeyd edib.

Kamal Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək, cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. O deyib: “Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burada sadalanan prinsiplərin mənim Vətənimdə bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olub. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyillərinin minimuma qədər zəifləməsi Azərbaycanın milli rəngarəngliyinin monolitliyini sübut edir”.

Tədbirdə şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycanın tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu deyib və bildirib ki, bu təcrübənin təşviq olunması universal bəşəriyyət dəyərləri baxımından çox zəruridir. Şeyxülislam dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin ölkəmizdə yüksək səviyyədə olmasından fəxr hissi duyduğunu qeyd edib. O deyib ki, tolerantlığı yüksək mədəni dəyər hesab edən ulu öndər Heydər Əliyevin dinindən və milliyətindən asılı olmayaraq bütün vətəndaşları ümumi azərbaycançılıq ideyası altında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin bir neçə gün öncə Tolerantlıq Günü münasibətilə dövlət başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması dövlətin bütün dinlərə göstərdiyi bərabər qayğı və diqqətin göstəricisidir. O, Azərbaycanın müxtəlif mədəniyyətlər arasında mənəvi körpü olduğunu və gələcəkdə də bu mənəvi rolu icra edəcəyini bildirib.

Çıxışı ümummilli lider Heydər Əliyevin “Ölkənin çox millətli olması onun zənginliyidir” sözləri ilə başlayan Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanın Konstitusiyasına əsasən bütün dinlərin bərabər olduğunu və buna ciddi əməl edildiyini vurğulayıb. Bütün dinlərin nümayəndələrinin Azərbaycanda həm dövlət, həm də ictimai strukturlarda təmsil olunduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın əsas özəlliklərindən biri milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Azərbaycanda dini zəmində münaqişələrin olmadığını xatırladan Aleksandr İşein ölkəmizdə yaşadığımız həyat tərzinin məhz indi multikulturalizm və tolerantlıq adlandırıldığını diqqətə çatdırıb.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışını Azərbaycandakı gündəlik həyatları üzərində qurub. O qeyd edib ki, yəhudi icmasına hədiyyə olaraq bir müsəlman dövlətində Prezidentin Sərəncamı ilə sinaqoqun tikintisi və onun saxlanılması üçün Prezident Fondundan maliyyə vəsaiti ayrılıb. Antisemitizmin bütün dünyada tüğyan etdiyi dövrdə Azərbaycan bu bəladan azad oldu. Hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, üç uşaq bağçası, bir kollec-işiva fəaliyyət göstərir.

Ordinari Vladimir Fekete Azərbaycanın unikal dövlət olduğunu və burada əcnəbi və ya keşiş olduğuna görə heç vaxt pis münasibətlə rastlaşmadığını, əksinə respublikanın hər bir guşəsində hörmətlə qarşılandığını və yerli insanların xarici dövlətlərin həyatı ilə yaxından maraqlandığını bildirib. Multikulturalizm və tolerantlığın gələcəyinə hələ də şübhə ilə yanaşan siyasətçiləri və insanları Azərbaycana dəvət edən ordinari Azərbaycan dövlətinin adi vətəndaşlar ilə birlikdə yaratdığı bərabər hüquqlu cəmiyyətdən dərs götürülməsini məsləhət bilib.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç yəhudi məktəbi və uşaq bağçasının tikintisinə hələ ümummilli lider Heydər Əliyevin vaxtında icazə verilməsi, müraciət əsasında dövlət başçısının Sərəncamı ilə tikinti üçün torpaq sahəsinin ayrılması və açılış mərasimində Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın da iştirak etməsini xatırladıb. Bildirib ki, Azərbaycanda mövcud olan bu şəraitin əsas səbəbi ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin Azərbaycanın inkişaf etməsində töhfə verməsidir. Digər millətlərin və dini konfessiyaların nümayəndələrinin dövlətin və mədəniyyətin bütün sahələrində təmsil olunduqlarını bildirən G.Zelmanoviç Bakı əsilli yəhudi alimin Nobel mükafatı laureatı olmasını fəxr hissi ilə qeyd edib. Vurğulayıb ki, Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri burada yaşayan bütün vətəndaşların dövlətin mənafeyi üçün çalışmalarıdır.

Bu yaxınlarda Fransaya səfəri zamanı Parisdəki yerli yəhudi icmasının lideri ilə görüşünü xatırladan Zelmanoviç Azərbaycandan fərqli olaraq Avropada yaşayan yəhudilərin təhlükəsizliyinin təmin olunmadığını ürək ağrısı ilə qeyd edib.

Sonra “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: Müqayisəli təhlil” mövzusuna həsr olunan panel keçirilib.

Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin moderatorluğu ilə keçirilən paneldə

çıxış edən İsveç parlamentinin sabiq üzvü, ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker ATƏT-də çalışdığı müddət ərzində Azərbaycanın əksər rayonlarına və qaçqın düşərgələrinə tez-tez səfər etdiyini bildirib. Azərbaycanın son 15 ildə çox inkişaf etdiyini deyən və bu səbəbdən Azərbaycan ilə İsveç arasında paralel aparan direktor ölkəmizin regional mərkəz rolunu oynadığını bildirib. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ATƏT-in Minsk qrupunun son illər elə də effektiv olmayan fəaliyyəti fonunda iki ölkə arasında dialoqun yaradılmasının vacibliyini bildirib. S.Kornel Azərbaycanın həm özü üçün, həm də region üçün vacib sayılan multikulturalizm sahəsində təşəbbüsü öz üzərinə götürdüyünü vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Mərkəzin yaradılması və fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına məlumat verib. Mərkəzin yaradılmasının Azərbaycanın multikulturalizm ruhunun bariz nümunəsi olduğunu deyən A.Məmmədov vurğulayıb ki, multikulturalizm sahəsində qədim ənənəyə malik bir ölkədə belə bir mərkəzin yaradılması heç kimi təəccübləndirmədi. Sonra direktor Mərkəzin gördüyü işlər, xüsusilə bir sıra xarici dövlətlərin tanınmış ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi modelinin tədris olunması və Mərkəz tərəfindən Azərbaycanda yay məktəblərinin təşkil olunması barədə məlumat verib.

İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru Stefan Qulqren çıxışında diplomatiyanın rolu barədə danışıb. Bildirib ki, diplomatiyanın əsas məqsədi bizi birləşdirən ümumi cəhətləri taparaq üzə çıxarmaq, bizi ayıran cəhətləri isə aradan qaldırmaqdır. Amma bu, o demək deyil ki, biz bir-birinə bənzər insanlara çevrilməliyik, belə olarsa dünya çox maraqsız olar. Müxtəliflik çox vacib bir dəyərdir, amma bu müxtəliflik münaqişələrin və dözümsüzlüyün yaranmasına gətirib çıxarmamalıdır. Bunun üçün biz bir-birimiz barədə daha çox şey öyrənməli və bir-birimizi daha yaxşı başa düşməliyik. Bu tədbir məhz elə bu məqsədə qulluq edir və biz bu gün Azərbaycan və onun tolerantlıq təcrübəsi barədə çox şey öyrənə bildik. Düşünürük ki, bu cür tədbir Azərbaycanda da təşkil olunmalı və biz də İsveç və onun təcrübəsi barədə Azərbaycan ictimaiyyətinə daha ətraflı məlumatlar çatdırmalıyıq.

Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel Azərbaycandan olan dini icma rəhbərlərinin birlikdə dünyanın müxtəlif ölkələrinə səfər edərək ölkənin təcrübəsini təşviq etdiklərini bildirib. O deyib ki, bəzi təşkilatlar Azərbaycanı tənqid etməmişdən əvvəl Azərbaycanda mövcud olan sistemlə daha yaxından tanış olmalıdırlar. Dünyada suverenliyin iki formasının mövcud olduğunu deyən və həmin formalar barədə məlumat verən S.Kornel vurğulayıb ki, Avropa ölkələrində və digər qonşu ölkələrdə baş verənləri təhlil etdikdə Azərbaycanda yaradılmış suverenlik formasının daha düzgün olduğu aydın görünür. Qonşu ölkələrdə dini-etnik milliyətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyaları inkişaf edir və bizim məqsədimiz bunu olduğu kimi qoruyub saxlamaqda Azərbaycana kömək etməkdir.

Konfransın ikinci hissəsində İsveçin “İnanclar arası dialoq mərkəzinin” əməkdaşı Reverend Helene Engell İsveçdəki din-cəmiyyət əlaqələrinin tarixindən danışdı. Natiq qeyd etdi ki, İsveçin hazırki siyasəti daha çox insanlara qarşı açıq qalmaqdır, lakin bəzən bu da problemlərə yol açır. Buna görə, İsveçdə millətlərarası dialoqa verilən önəm son illər ərzində çoxalıb.

Konfrans Azərbaycanın İsveçdəki səfirliyinin təşkil etdiyi ziyafətlə sona çatıb.

Konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti İsveçin mədəniyyət naziri və ölkə parlamentinin sədri ilə görüşüb, əlaqələrin daha sıx şəkildə qurulması ilə bağlı müzakirələr aparıblar. Nümayəndə heyəti İsveç xarici işlər naziri ilə də görüşəcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Tarix: 20.11.2015

Son xəbərlər