Bilik Fondunun "Ev kitabxanası"nda yeni dörd müəllif


Bakı. Trend:

Bilik Fondunun "Ev kitabxanası"nda yeni dörd müəllif

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Ev kitabxanası" layihəsi çərçivəsində bu günə qədər səkkiz müəllifin kitabları alınıb.

Fonddan Trend-ə verilən məlumata görə, əsasən müasir yazarların elmi və ədəbi kitablarının Fond tərəfindən alınaraq oxuculara hədiyyə olunması məqsədi ilə həyata keçirilən layihə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Ədəbiyyatın cəmiyyətin inkişafında böyük rol oynadığını nəzərə alıb, kitabdan bir qədər uzaq düşüən gənc nəslin maariflənməsinə xidmət edən "Ev kitabxanası"na Qan Turalının "9 hekayə", Aydın Talıbzadənin "Əbuhübb", Nəriman Əbdülrəhmanlının "Qurban", Kənan Hacının "Yaddaş kartı", Ömər Xəyyamın "Sayrışan hallar", Fəridə Məmmədova"nın "Sevgili üçün notlar", Alikin "Günəş qalib gəldi", İkinci Mahmudun "Ümid arısı" kitabları daxil olub.

Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi məlumata görə, Ömər Xəyyam, Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunub. "Ev kitabxanası" Yaradıcılıq Fondu ilə sıx əməkdaşlıq edir və gələcəkdə də bu Fondun nəşr etdirdiyi kitabların alınaraq oxuculara paylanacağı planlaşdırılır.

C.Musaoğlunun sözlərinə görə, "Ev kitabxanası"na daxil olan əvvəlki kitablar artıq müxtəlif bölgələrdə yaşayan oxuculara paylanıb. Bununla yanaşı, Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu sorğular vasitəsi ilə həmin kitablara olan marağın səviyyəsini müəyyənləşdirib. Məlum olub ki, oxucular onlara hədiyyə olunan kitabları oxuyaraq bəyəniblər, əksəriyyəti həvəslənərək özlərinə şəxsi kitabxana da düzəldiblər. Əslində layihənin məqsədlərindən biri də şagird və tələbənin şəxsi kitabxanasının olmasına dəstək verməkdir. Sorğuların nəticəsi göstərir ki, missiya uğurla davam edir.

Bilik Fondunun mətbuat katibi onu da bildirib ki, hansı kitabların alınmasını seçən komissiya həmin nəşrlərin hədiyyə olunacağı kontingenti müəyyənləşdirəndən sonra "Ev kitabxanasına" daxil olan növbəti dörd müəllifin kitabları oxuculara çatdırılacaq.

Tarix: 30.11.2015

Son xəbərlər