Akademik Kamal Abdullayev Rusiyanın Təhsil Akademiyasının prezidenti ilə görüşmüşdür


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Kamal Abdullayev Beynəlxalq Rus dili və Ədəbiyyatı Assosasiyasının və Rusiyanın Təhsil Akademiyasının prezidenti xanım Lüdmila Verbitskaya ilə görüşmüşdür.

Görüşdə Dövlət müşaviri bu gün ölkəmizdə mövcud olan multikultural mühitdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, ölkəmizdə təhsil və mədəniyyət sahəsində xarici ölkələrlə dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açdı. K.Abdullayev ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını qeyd etdi.
Ölkəmizdə Prezident cənab İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə himayəsi ilə keçirilən Beynəlxalq Humanitar Forumlar, Azərbaycan və Rusiya arasında olan çoxtərəfli əlaqələr haqqında söz açan Dövlət müşaviri ölkəmizdə mövcud olan birgəyaşayış modelinin dünya dövlətləri tərəfindən böyük maraqla qarşılandığını, bunun nəticəsi olaraq Avropanın, o cümlədən Rusiyanın universitetlərində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisinə başlanıldığını diqqətə çatdırdı.
Beynəlxalq Rus dili və Ədəbiyyatı Assosasiyasının prezidenti akademik Lüdmila Verbitskaya Azərbaycan və Rusiya Federasiyası arasında olan müxtəlifistiqamətli əlaqələrdən, xüsusən, Azərbaycanda rus dilinin tədrisinin effektiv şəkildə təşkil olunmasından danışdı, Azərbaycan dövlətinin rus dilinə, mədəniyyətinə olan qayğısını yüksək dəyərləndirdi. Bu münasibətlərin dahi siyasətçi Heydər Əliyevin siyasi uzaqgörənliyindən qaynaqlandığını və hazırda da yüksələn xətlə inkişaf etdiyini ifadə etdi. 
Akademik Lüdmila Verbitskaya Dövlət müşaviri Kamal Abdullayevi “Azərbaycan və Rusiya multikulturalizmi” mövzusunda mühazirə oxumaq üçün Peterburq Dövlət Universitetinə dəvət etdi. Dəvəti məmnunluqla qəbul edən K.Abdullayev də öz növbəsində qonağı Bakıda keçiriləcək növbəti Beynəlxalq Humanitar Foruma dəvət etdi.
Görüş zamanı təhsil sahəsində ölkələrarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı səmimi fikir mübadiləsi aparıldı.

Tarix: 07.12.2015

Son xəbərlər