Berlindən Bakıya gedən 200 illik yol


Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Saksoniya Dövlət Kitabxanasının, Humbolt Universitetinin Azərbaycan Tarixi kafedrasının, Auqsburq Universitetinin və Osvald Volkenşteyn Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Kitabi-Dədə Qorud" dastanında tolerantlıq Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqlarından biri kimi" adlı kollokvium keçirilmişdir. Azərbaycan və Alman alimlərinin, eləcə də yerli ictimaiyyət nümayəndərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin müşaviri Almaz Məmmədov və Saksoniya Dövlət Kitabxanasının direktoru professor Tomas Bürger qonaqları salamladıqdan sonra kollokvium keçirilib. 
"Kitabi-Dədə Qorqud" dastanında tolerantlıq" adlı ilk paneli açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev qorqudşünaslığın Berlindən Bakıya gələn 200 illik uzun bir yolu haqqında məruzə ilə çıxış etdi. "1815-ci ildə ilk dəfə görkəmli Alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin eposun "Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər" adlı hekayəsini alman dilinə tərcümə etməklə dünya elminə tanıtmasının üzərindən tam olaraq 200 il ötdüyünü vurğulayan K.Abdullayev bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin fevral ayının 20-də "Kitabi - Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında xüsusi Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu Sərəncamla Azərbaycan Respublikası Prezidenti və Azərbaycan xalqı görkəmli Alman aliminə siyasi minnətdarlığını ifadə etmiş oldu. Daha sonra Dövlət müşviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanaraq 25 müxtəlif dildə nəşr olunan fon Ditsin "Kitabi-Dədə Qorqud" dastanı üçün yazmış olduğu ön söz və dastanın bir boyundan ibarət kitablar Saksoniya Dövlət Kitabxanasına (Drezden Kitabxanası) hədiyyə etdi.
Öz növbəsində Kitabxananın direktoru professor Tomas Bürger Dits şəxsiyyətinin və bu dastanın xalqlarımızı və mədəniyyətlərimizi birləşdirdiyini qeyd edərək tədbirin təşkilinə görə Azərbaycan nümayəndə heyətinə xüsusi minnətdarlığını bildirdi.
Birinci paneldə çıxış edən Maynz Universitetinin professoru Hendrik Buşoten, Bakı Slavyan Universitetinin rektoru professor Asif Hacıyev, Xemnitz Universitetinin professoru Kristof Fasbender və AMEA-nın Dilçilik İnstitunun direktoru professor Möhsün Nağısoylu "Kitabi-Dədə Qorqud" dastanında olan tolerantlıq nümunələrindən bəhs etdilər və onun mədəniyyətimizə göstərdiyi önəmli təsiri haqqında çıxış etdilər.
"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında Nəğmələr" eposlarında tolerantlıq və multikulturalizm" mövzusuna həsr olunmuş ikinci paneldə çıxış edən Drezden Kitabxanasının Qədim Əlyazmalar şöbəsinin müdiri Frank Aurix, AMEA-nın Folklor İnstitunun direktoru, professor Muxtar İmanov, Bakı Slavyan Universitetinin dosenti Telman Kazımov və Bakı Slavyan Universitetinin professoru Rahilə Qeybullayeva hər iki dastanda olan multikulturalizm və tolerantlıq motivlərini qabardaraq, oxşar və fərqli cəhətləri göstərdilər.
Sonuncu panel isə "Müasir Azərbaycanda və Almaniyada multikulturalizm" mövzusundakı məruzələrlə yadda qaldı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmasından və BBMM-in yaradılmasının Prezident İlham Əliyevin bu siyasətə verdiyi önəmin təzahüründən qaynaqlandığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Mərkəzin yarandığı gündən keçən müddət ərzində gördüyü işlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Daha sonra Humbolt Universitetinin Azərbaycan Tarixi kafedrasının müdiri, professor Eva Mariya Aux "Azərbaycan multikulturalizminin tarixi əsasları" başlığında məruzə ilə çıxış etdi. Üçüncü panel Auqsburq Universitetinin professoru Klaus Volf və AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun direktoru, professor İlham Məmmədzadənin multikulturalizmin Almaniya və dünya üçün önəmindən bəhs edən çıxışı ilə yekunlaşdı.
Kollokviumun sonunda iştirakçılar "Kitabi-Dədə Qorqud"un Drezden əlyazması ilə tanış olmaq imkanı əldə etdilər. Bununla yanaşı tədbirin əhəmiyyətini nəzərə alaraq Kollokvium materiallarının Drezden şəhərində Azərbaycan və Alman dillərində BBMM və Saksoniya Dövlət Kitabxanası tərəfindən çap olunması və ictimaiyyətin diqqətinə çatdırılması qərara alındı.

Tarix: 21.12.2015

Son xəbərlər