“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı


“Ən yaxşı yazı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurumla “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə təşkil etdiyi “Ən yaxşı yazı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər. Mərasimdə öncə cəbhə bölgəsində erməni silahlı birləşmələrinin törətdiyi təxribata cavab olaraq ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra təşkilat komitəsi tərəfindən müsabiqənin gedişi və yekunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyası arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq keçirilən müsabiqəyə 2016-cı il yanvarın 1-dən start verilib. Yazıların qəbulu üçün elan olunmuş 35 gün müddətində (yanvarın 1-dən fevralın 5-dək) təşkilat komitəsinə 121 yazı daxil olub. Yazılardan 21-i müsabiqənin şərtlərini məzmun və həcm baxımından ödəmədiyi üçün qiymətləndirilməyə buraxılmayıb. Şərtləri ödəyən 100 yazı isə 2 mərhələdə qiymətləndirilib. Birinci mərhələdə onları fənn müəllimlərindən ibarət qrup bal hesabı ilə dəyərləndirib. Nəticədə 28 yazı ikinci mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə yazılar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekunlarına görə 3 yazı I, 3 yazı II, 5 yazı III, 17 yazı isə həvəsləndirici yerə layiq görülüb və qaliblərin adları açıqlanıb. Müsabiqədə ölkənin 31 şəhər və rayonundan təhsil işçiləri iştirak ediblər. İştirakçılar arasında ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərin təmsilçiləri var. Sonra mükafatlandırma olub. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə və digər şəxslər çıxış edərək qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar. Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib və təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər.

Tarix: 12.04.2016

Son xəbərlər