Bilik Fondu Abşeronda "Formula-1" yarışlarının təbliğatını apardı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu  “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə təhsil ocaqlarında "Avropa Qran Pri Bakı"(Formula 1, Grand Prix of Europe) adı altında 17-19 iyunda Azərbaycanda keçiriləcək  "Formula-1" yarışlarının  təqdimatları davam edir.

Növbəti təqdimat mayın 20-də Abşeron rayon Heydər Əliyev Mərkəzində təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivi üçün keçirilib.

Tədbiri Bilik Fondunun Abşeron rayon üzrə nümayəndəsi Təyyübə Hüseynova açaraq, ölkəmizin son illər ərzində bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etdiyini xatırladıb və bildirib ki, bütün bu kimi tədbirlər ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsinə xidmət edir.

Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova, məsləhətçisi Ceyla Məmmədova, Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova, “Formula-1” Avropa Qran-Pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova və Formula – 1 yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev hazırladıqları təqdimatları iştirakçılara göstəriblər. 

Təqdimat zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Qran Prisi haqqında ətraflı məlumat verilib. Oyunlar ərəfəsində çalışacaq “Könüllülər” proqramına qoşulma prosesi və könüllülərin bu proqram vasitəsilə əldə edəcəkləri təcrübə barəsində iştirakçılara geniş məlumatlar təqdim olunub.

Qeyd edilib ki, 21 ölkənin ev sahibliyi etdiyi Formula-1 yarışları içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə digərlərindən seçilir. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edəcək və paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək televiziya izləyiciləri üçün gözəl mənzərə yaradacaq. Bu görüntülərə Formula-1 yarışlarının 500 milyondan çox olan televiziya tamaşaçısı baxacaq və beləliklə də Azərbaycan paytaxtı dünyanın diqqət mərkəzində olacaq.

Görüşdə “Bakı Avropa Qran Prisi” (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş olunub.

Bakıda keçiriləcək "Formula-1" yarışının təbliğatı bu günə qədər Qafqaz Universitetində, Bakı Ali Neft Məktətəbində və Bakı Biznes Universitetində keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya təminatı sektoru

Tarix: 20.05.2016

Son xəbərlər