Fələstin səfiri Bilik Fondunun qonağı olub


Fələstinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Qonağı salamlayan icraçı direktor Oktay Səmədov Fondun strukturu, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan ilə Fələstin arasında dostluq əlaqələrinin möhkəm köklərə əsaslandığını bildirən O. Səmədov ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. İcraçı direktor maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirlik arasında ikitərəfli Fəaliyyət Planının imzalanmasının işbirliyinə töhfə verə biləcəyini deyib. Səmimi dəvətə görə təşəkkürünü bildirən səfir Nasir Əbdül Kərim Azərbaycanda elmə, biliyə verilən önəmi yüksək dəyərləndirib, ölkəmizdə hökm sürən multikultural mühitdən və tolerantlıq ənənələrindən məmnum qaldığını dilə gətirib. Azərbaycan ilə Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirən səfir Bilik Fondu ilə maarifçilik və mədəni əlaqələr sahəsində sıx münasibətlərin qurulmasının bu əlaqələri daha da dərinləşdirməyə xidmət etdiyini söyləyib.

Gələcək görüşlərdə Fəaliyyət Planının detallarının müzakirə olunacağı qərara alınıb. Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb və Fondun görüşdə iştirak edən könüllüləri, ərəb dili kurslarının dinləyiciləri ilə xatirə şəkli çəkdirib.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 25.05.2016

Son xəbərlər