Azərbaycan və İndoneziya etnik, dini müxtəliflik baxımından bir çox oxşarlıqlara malikdir


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Görüşdə “Azərbaycan multikulturalizmi” fənnini İndoneziyanın Qadcah Mada Universitetində tədris edən azərbaycanlı professor Həbib Zərbəliyev də iştirak edib.

Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən mövcud milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan addımlardan, həmçinin bu sahə üzrə Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən ətraflı söz açıb. Azərbaycan və İndoneziyanın etnik və dini müxtəliflik baxımından bir çox məsələlərdə oxşarlığını və bu gün hər iki ölkəni birləşdirən dövlətlərarası əlaqələrlə yanaşı, mədəni-mənəvi əlaqələrin daha da möhkəm olduğunu söyləyən Dövlət müşaviri bu əlaqələrin daha da güclənəcəyinə inamını ifadə edib.

Səfir Hüsnan Bəy Fanani İndoneziyada mövcud olan multikultural mühit və plüralizmdən, ölkədə yaşayan 1600-dən artıq etnosa və müxtəlif dinlərin nümayəndələrinə dövlətin bərabər münasibətindən danışıb. Bu məqamda Azərbaycan və İndoneziya arasında çox böyük oxşarlıqların olduğunu deyib. O, ölkələrimiz arasındakı mədəni, iqtisadi əlaqələrdən məmnunluqla bəhs edib.

Görüşdə Azərbaycan və İndoneziyanın multikulturalizm sahəsində araşdırmalar aparan alimlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

Tarix: 09.06.2016

Son xəbərlər