Tufandağda Azərbaycan multikulturalizmi


Ölkə başçısı İlham Əliyevin tövsiyəsi əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi iyulun 20-də Qəbələdə öz işini davam etdirib. 

Yay məktəbinin iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Qəbələ rayonundakı abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar. 

III Beynəlxalq multikulturalizm məktəbi Alban Apostol Kilsəsinin izi ilə

Tələbələr günün birinci yarısında “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransa qatılıblar. 

Yay məktəbinin iştirakçıları konfrans çərçivəsində keçirilən plenar iclaslarda iştirak ediblər. İclaslarda Azərbaycan tarixinin orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban Apostol kilsəsi haqqında ətraflı məlumat verilib. Tələbələr konfrans ərzində Qafqaz Albaniyası və Alban Apostol kilsəsi, Qafqaz Albaniyasının dini arxitekturasında xristian və İslam motivlərinin simbiozu, Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi xristian dini icmasının fəaliyyəti, Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, XVII-XIX əsrlərin Alban Apostol kilsəsi, 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsindən sonra udilərin dini və etnik vəziyyəti və digər məsələlərlə bağlı məruzələri dinləyiblər. 
ABŞ-dan araşdırmaçı-jurnalist Peter Teys, Rusiyadan Yevgeniya Şilyayeva və Gürcüstandan Viktor Qoquaşvili konfransın aktual mövzuya həsr olundugunu bildirərək bu möhtəşəm tədbir vasitəsilə Azərbaycanın multikultural durumunu beynəlxalq ictimaiyyətə çatdırdığını qeyd ediblər. 

Kamal Abdullayev: “Biz dostlarımızı doğru seçmişik”

Konfransdan sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, DQİDK-nin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse –prezidenti, akademik İsa Həbibbəyli və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə görüşüb. 

Dövlət müşaviri Kamal Abdullayev tələbələri salamlayaraq onlarla görüşdən məmnun olduğunu bildirib: “ Bu günlər çox maraqlı və mənalı gündür. Dünən siz Nic kəndinə getməklə artıq yeni bir mədəniyyətin içərisinə daxil oldunuz və mənə dedilər ki, siz razı qalmısınız. Deməli, multietnik bölgə olan Qəbələni beynəlxalq multikulturalizm məktəbi üçün əsas məkan seçməkdə yanılmamışıq. Udilərin və Alban-Apostol kilsəsinin tarixi ilə bağlı beynəlxalq konfransda iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Bu konfransda iştirakınızla siz Azərbaycan xalqının qədimliyi ilə bağlı yeni maraqlı faktları öyrənmiş oldunuz. 
Mən çox şadam ki, Azərbaycana olan marağınız zamanla məhəbbətə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirsə, deməli, dostlarımızı doğru seçmişik. Ötən il Los- Ancelesdən Azərbaycana tanınmış ravvin David Volpenin rəhbərliyi altında yəhudi nümayəndə heyəti qonaq gəlmişdi. ABŞ-a geri dönəndə David Volpe gördüklərinə və əyani şahid olduqlarına əsaslanaraq “Azərbaycan Şərqdə multikulturalizm oazisidir” adlı məqalə nəşr etdirdi. Bundan sonra ABŞ-dakı ermənilər və ermənipərəst qüvvələr ravvinə sosial şəbəkələr, mətbuat vasitəsilə təzyiqlər etməyə başladılar. Həmin vaxt David Volpenin müdafiəsinə, dolayısı ilə də Azəbaycan xalqının haqq işinin müdafiəsinə keçən ilki beynəlxalq multikulturalizm məktəblərinin tələbələri qalxdılar. Onlar sosial şəbəkələrdə, mətbuatda ermənipərəst qüvvələrə layiqli cavab verdilər. Bu onu göstərir ki, deməli, biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi sizə də ömrünüz boyu dost olmağı təklif edir. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi. Dostluğumuza xoş gəldiniz”

Akademik İ.Həbibbəyli, M.Qurbanlı, K.İmanov III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarını salamlayıb və onlara konfransda iştirak etdikləri üçün təşəkkür edib. Diqqətə çatdırılıb ki, müsəlman ölkəsi olan Azərbaycanda kilsə, sinaqoq, məscid, kirxa, buddist və zərdüştilik məbədlərinin bir arada necə fəaliyyət göstərdiyini öz gözlərinizlə gördünüz. Sizə bunları görmək üçün praktik şərait yaratdığına görə Beynəlxalq multikulturalizm məktəbləri bu baxımdan əvəzsiz layihədir. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlamış məktəblər” layihəsinə daxil olan Qəbələ şəhəri 2 saylı tam orta məktəbinin şagirdləri də III Beynəlxalq multikulturalizm məktəbinin tələbələri ilə görüşə qatılıblar.

Əcnəbi tələbələrlə “Terror multikulturalizmə qarşı”

Qəbələdəki “Qafqaz 7 gözəl” otelində ADA Universitetinin prorektor müavini Anar Vəliyev tələbələrə “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirə oxuyub. Mühazirəçi BBMM-in təşəbbüsü ilə həyata keçirilən “Terror multikulturalizmə qarşı” layihəsinin əhəmiyyətindən bəhs edərək dünyada terrorun, bəşəri cinayətlərin geniş vüsət aldığı bir dövrdə mövzunun aktuallığını vurğulayıb. Anar Vəliyev multikulturalizmin alternativi olmadığını bildirib və terror aktlarının dünyadakı milli, dini, irqi, mədəni müxtəlifliyi məhv etməyə yönələn bəşəri cinayət kimi səciyyələndirib. Dünyada multikultural dəyərlərin yayılmasının, mulıtikulturalizmin təbliği və təşviqinin terroru aradan qaldıracağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, bu mühazirədə Dövlət müşaviri, akademik Kamal Abdullayev də iştirak edib və Azərbaycan multikulturalizminin xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb. 

Sonda tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər, onları maraqlandıran suallara cavab alıblar. 

III beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Tufandağda 
Mühazirədən sonra yay məktəbinin iştirakçıları üçün Tufandağ yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları qəbələli gənclərlə birgə Tufandağda istirahət edib, çay süfrəsi arxasında səmimi söhbət aparıblar. 
Növbəti “Öz xalqını təqdim et” musiqili axşamının təqdimatçıları Çexiya, Rusiya, Türkiyə və Ukraynadan gələn tələbələr olub. 

Tarix: 21.07.2016

Son xəbərlər