III Beynəlxalq multikulturalizm məktəbi başa çatdı


Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Mətbuat konfransında BBMM-in əməkdaşı Sevinc Mürvətqızı bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi çoxsaylı əhəmiyyətli tədbirlərdən biri də beynəlxalq multikulturalizm qış və yay məktəbləridir: “İyulun 18-27-də Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyət göstərib. Yay məktəbinin iştirakçıları Azərbaycanın Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic, Lahıc, İvanovka, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi unikal multietnik bölgələrində olublar. III Beynəlxalq multikulturalizm məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib.

Layihənin sonunda Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunu təqdim ediblər. Sözügedən klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar. Bu klub üzvü olan hər bir xarici gənc üçün Azərbaycanda təhsil imkanları yaradacaq, onların ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olacaq, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək göstərəcək. “Azərbaycanın gənc dostları” beynəlxalq klubunun yenicə fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da var.

Mətbuat kofransından sonra III Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək Azərbaycan prezidentinin salamlarını çatdırmaqdan böyük şərəf hissi duyduğunu bildirib: “Yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və cənab Prezidentin arzularından biri də budur ki, Azərbaycanın gənc vətəndaşlarının xaricdə işıqlı, intellektual dostları artsın. 

Üçüncü Beynəlxalq multikulturalizm məktəbinin fəaliyyət göstərdiyi 10 gün müddətində siz ölkəmizin müxtəlif universitetlərindıən olan tələbələrlə birgə Azərbaycanın müxtəlif guşələrində oldunuz. Sizinlə görüşlərə getdiyiniz yerlərin gəncləri qatıldı. Siz hətta Nicdə qəsəbəsində bir toy mərasimində iştirak etdiniz. Ordakı görüşləriniz barəsində udi qardaşlarımız mənə çox gözəl sözlər dedilər. Azərbaycan mətbuatı sizin hər addımınızı izləyirdi. Elə buna görə də artıq təkcə əhatənizdə olanlar deyil, sizin tanımadığınız Azərbaycan vətəndaşları da sizin dostlarınıza çevrilib. Evinizə dönəndən sonra buradakı dostlarınız sizin üçün çox darıxacaqlar. Ümid ona qalır ki, gələcəkdə sizi dostlarınızla daha tez-tez görüşdürməyin yollarını axtaraq və vasitələrini tapaq. 

Üçüncü Beynəlxalq multikulturalizm məktəbi geridə qaldı. Bizi irəlidə münasibətlərimizin başqa variantları, başqa mərhələləri və başqa layihələr gözləyir. Beynəlxalq multikulturalizm məktəbinin alınması üçün səy göstərən hər kəsə- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bilik Fondunun əməkdaşlarına, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, AMEA-ya, multikulturalizm yay məktəbinin keçirildiyi bölgələrin icra strukturlarına və yerli əhaliyə, Azərbaycan mətbuatına dərin təşəkkürlərimi bildirirəm. Məxsusi təşəkkürümü isə bilavasitə əlbəttə ki, yay məktəbinin iştirakçılarına çatdırıram. Çünki dünyanın bu ağır mənzərəli vaxtında, mürəkkəb bir dövrdə heç nəyə baxmadan böyük bir entuziazmla dünyanın o biri başından , uzaq ölkələrdən Azərbaycana sizi insanlığa, gəncliyə və multikulturalizmə olan sevgi gətirib. Biz də sizi burda görməkdən son dərəcə xoşbəxt olduq. 

“Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun yaradılmasını dotlarımla və həmkarlarımla bölüşdükdə onlar bu xəbəri yüksək entuziazmla qarşıladılar. Biz bu klıubun fəaliyyətinə son dərəcə böyük ümidlər bəsləyirik. 

Burda əsası qoyulan münasibətlərin möhkəm dostluğa çevrilməsini arzulayıram. Ümid edirəm ki, bunda sonra da həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində sıx-sıx görüşəcəyik”. 
AMEA-nın vitse- prezidenti İsa Həbibbəyli III Beynəlxalq multikulturalizm məktəbini Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından xüsusi hadisə kimi səciyyələndirib. 
Sonra Yunanıstandan olan tələbə Dimitrios Asproulis “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib. Müraciətdə bildirilir: “Sizi ürəkdən salamlayır və bizə Azərbaycana gəlmək, onun qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq, ən əsası isə, multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu öz gözlərimizlə görmək imkanı yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Qəbələ, Şəki, İsmayıllı, Oğuz rayonlarına, həmçinin Lahıc, Kiş, Nic və İvanovka kimi özünəməxsus adət-ənənləri, dili, tarixi olan qəsəbə və kəndlərə səfərlərimiz, bu yerlərdə yaşayan əhali ilə, həmyaşıdlarımızla görüşlərimiz bizdə son dərəcə xoş təəssüratlar yaratdı və yaddaşımızda silinməz izlər buraxdı.

Səfər etdiyimiz hər bir şəhərdə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin adını daşıyan mərkəzlərdə keçirdiyimiz görüşlərdə Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkənizdəki multikultural mühitin siyasi bünovrəsini yaratmış Ulu öndər Heydər Əliyevə xalqın dərin ehtiramının şahidi olduq. Cənab Prezident, biz bir daha əmin olduq ki, sizin ləyaqətlə davam etdirdiyiniz bu siyasət ölkənizdə yaşayan bütün xalqları dövlətə daha möhkəm tellərlə bağlayaraq sabitliyə, inkişafa əvəzsiz töhfəsini verir. 

2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməyiniz sülhə, şəfqətə və barışa dünya miqyasında bir çağırışdır. Biz bu çağırışı sevinc və məmnuniyyət hissi ilə dəstəkləməyə, onu öz ölkələrimizdəki dostlarımıza və həmvətənlərimizə çatdırmağa hazırıq.
Elə buna görə də Azərbaycandakı mövcud multikultural və tolerant mühit haqda məlumatların, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha sistemli şəkildə təqdim olunması üçün “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunu yaratdıq. Bu Klub bütün dünyada Azərbaycana rəğbət və maraq bəsləyən gəncləri öz ətrafında birləşdirəcək və onların birgə əlaqəli fəaliyyətini təşkil edəcəkdir. 

III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları adından bir daha göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin ehtiramımızı və minnətdarldığımızı bildiririk. Təkcə Azərbaycanda deyil, bütövlükdə regionda sabitlik və qarşılıqlı anlaşmaya xidmət edən məqsədyönlü və qətiyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Sizi əmin edirik ki, harada olmağımızdan asılı olmayaraq görüb şahid olduğumuz Azərbaycan həqiqətləri, multikulturalizmin Azərbaycan modeli haqqında danışacaq, qədim və zəngin mənəvi aləmə malik olan sülhsevər Azərbaycanın dünyada daha yaxşı tanıdılması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Sonda BBMM-in və Bilik Fondunun icraçı direktorları Azad Məmmədov və Oktay Səmədov III beynəlxalq multikulturalizm məktəbi iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediblər.

Tarix: 27.07.2016

Son xəbərlər