Bilik Fondu SOS Uşaq kəndində daha bir “Qiraət saatı” keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu uşaqların yay tətili günlərində  SOS Uşaq kəndində növbəti ənənəvi tədbirini keçirib.  Fond Kəndin kitabxanasında  kiçik yaşlı məktəblilər üçün  “Qiraət saatı”nı  təşkil edib. Uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin  ən yaxşı uşaq əsərinə görə  Tofiq Mahmud adına mükafatının laureatı,  "Çərpələng" ,"Sarı qız,  “Oskar”, "Ağ xoruzun hekayəti" ,"Qisas" ,”Ciya ilə iki gün", "İpəkcənin macəraları" kimi onlarla şeirlər və nağıllar kitabının müəllifi  Sevinc Nuruqızı öz balaca oxucularının qonağı olub. Yazar oxucularına öz nağıllarını və şeirlərini  oxuyub. Onun qiraətinə maraqla qulaq asan uşaqlar yazara danışdığı nağıllar və onların qəhrəmanları  barədə müxtəlif suallar veriblər. Uşaqlardan bəziləri yazara öz nağıllarını danışıblar. Sevinc Nuruqızı balaca “həmkarlarına” uşaq yazarı olmaq üçün nələrə fikir verməli olduqları barədə tövsiyyələr verib.

Sonra uşaqların öz istəkləri ilə Sevinc Nuruqızı onlara  özünün  “Ana” şeirini əzbərdən deyib.  Uşaqlar arasındn bir-neçəsi müxtəlif şairlərin məhz anaya aid şeirlərini söyləyiblər.

Tədbirin sonunda  uşaqlar vətənə, anaya, dostluğa aid mahnılar  ifa ediblər. Bilik Fondu SOS Uşaq kəndinin kitabxanasına  yazarın yeni kitablarını  hədiyyə edib.

SOS Uşaq kəndində yaşayan 73 uşaq Bilik Fondunun əməkdaşlarından yay tətili günlərində onlara tez-tez baş çəkməyi və boş vaxtlarını belə səmərəli, əyləncəli keçirməyə yardımçı olmalrını xahiş ediblər. Fondun bu yönümdə tədbirləri hələ davam edir. Növbəti tədbir SOS Uşaq kəndində sentyabr ayına planlaşdırılır. Bu dəfə uşaqlara səhnələşdirilmiş nağıllar  və cizgi filmləri nümayiş etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya Təminatı sektoru

Tarix: 25.08.2016

Son xəbərlər