Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ


Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür”

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi

- “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər görülüb?

- 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsindən sonra təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ölkə daxilində və xaricində müxtəlif dövlət qurumları tərəfindən Azərbaycan multikulturalizmi modelinin təbliğinə yönəlmiş müxtəlif silsilə tədbirlər keçirilməyə başladı.

Sizin də çox yaxşı bildiyiniz kimi, 2014-cü ildə cənab Prezident tərəfindən Azərbaycanda mövcud olan multikulturalizm ənənələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. “Multikulturalizm ili” çərçivəsində Mərkəzin təşkilatçılığı ilə 40-a yaxın xarici və yerli ali təhsil ocaqlarında bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində isə “Azərbaycan multikulturalizmi” fənləri tədris proqramlarına daxil edilərək tədris olunur. Eyni zamanda “Azərbaycan multikulturalizmi” fənni 2016-cı ilin yaz semestrinə qədər Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Ural Federal Universiteti (Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti (Litva), Praqa Karl Universiteti (Çexiya), Roma Sapienza Universiteti (İtaliya), Belarus Dövlət Universiteti (Belarus), Lusafona Universiteti (Portuqaliya), Ausburq Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə) və Sakarya Universitetində (Türkiyə), Qadcah Mada Universiteti (İndoneziya) və başqa universitetlərində tədris olunub. Hal-hazırda tədrisin həyata keçirildiyi universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedralarının açılması istiqamətində işlər görülməkdədir. 

Bundan əlavə, ilin əvvəlində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan multikulturalizminin qaynaqları seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” adlı jurnalın 1-ci nömrəsi nəşr olunub, ölkənin müxtəlif bölgələrində təqdimatları keçirilib. 

Bu günə qədər Mərkəz və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 20-dən artıq ölkədən 100-dən çox xarici və 70-dən çox yerli tələbənin iştirakı ilə paytaxt və müxtəlif bölgələrində - Quba, Qusar, Xaçmaz, Qəbələ, Şəki, Oğuz, Qaxda Beynəlxalq multikulturalizm qış və yay məktəbləri keçirilib. Bu məktəblərdə iştirak edən xarici və yerli tələbələr, əsasən, təhsil aldıqları universitetlərdə “Azərbaycan multikulturalizmi” fənnini uğurla mənimsəyən və Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, bir sözlə, Azərbaycan multikulturalizmi haqqında qazandıqları nəzəri bilikləri bu məktəblərdə praktik şəkildə daha da möhkəmləndirirlər. Bu məktəblər onların Azərbaycana marağını Azərbaycana məhəbbətə çevirir.

Maraqlı bir faktı da diqqətinizə çatdırmaq istəyirəm ki, III Beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin  təşəbbüsü ilə “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubu yaradılıb və hal-hazırda uğurla fəaliyyət göstərir. Artıq Azərbaycanın gənc dostları bizim iştirakımız olmadan da Azərbaycan multikulturalizmini dünyada təbliğ edirlər.

Mütəmadi olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif dövlət qurumları ilə birlikdə mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında respublika və beynəlxalq miqyaslı elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, “dəyirmi masa”lar, mühazirələr, ədəbi-bədii toplantılar keçirməkdədir. Bunlara misal olaraq aprel ayının 27-də BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu çərçivəsində “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu” mövzusunda bölmə iclasını, iyun ayının 28-də “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I Beynəlxalq dəyirmi masanı, iyul ayının 20-də Qəbələ şəhərində baş tutmuş “Alban Apostol Kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransı və Londonda keçirilmiş “Azərbaycanın dini tolerantlıq və birgə yaşayış modeli” mövzusunda konfransı göstərmək olar.

Bildiyiniz kimi, bu ilin 29-30 sentyabr tarixlərində də ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə artıq ənənəvi olaraq təşkil olunan V Bakı Humanitar Forumu keçiriləcək. Həmin Forumda dəyirmi masalardan biri də “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlanır. Bu dəyirmi masanın və dəyirmi masaya daxil olan müxtəlif panellərin işinin təşkili Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçiriləcək.

- İlin sonuna qədər hansı planlar var, yeni layihələr olacaqmı?

- Prezident cənab İlham Əliyevin “Multikulturalizm ili” ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq ilin sonuna qədər konkret tədbirlərin icrası nəzərdə tutulub. Ölkəmizdə və xarici ölkələrdə Azərbaycan multikulturalizm modeli, ölkəmizdəki tolerantlıq mühiti, bütün səmavi dinlərin nümayəndələrinin ölkəmizdə birgə, mehriban yaşayış şəraiti haqqında konfranslar, sərgilər, seminarlar və görüşlər keçiriləcək. Bundan əlavə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin tədrisi arealının xaricdə genişləndirilməsi, bu fənnin tədrisinin daha da effektli olması üçün müxtəlif dərs vəsaitləri və dərsliklərin yazılması, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının rus və ingilis dillərində çapı və bu seriyadan olan növbəti daha iki kitabın – “Azərbaycan multikulturalizminin hüquqi və siyasi qaynaqları” və “Azərbaycan multikulturalizminin fəlsəfi və publisistik qaynaqları” kitablarının nəşri işlərini həyata keçirəcək.

“Azərbaycan din sahəsinə dövlət səviyyəsində maliyyə ayıran, dini ibadət yerlərini dövlət hesabına təmir və bərpa edən az sayda ölkələrdəndir”

- Azərbaycanda dini məsələlərlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Bu sahədə hər hansı narahatlıq varmı?

- Azərbaycan tarixən müxtəlif din və mədəniyyətlərin birgə, yanaşı yaşadığı məkan olub. Hazırda ölkədə dini durum sabit, dinlərarası münasibətlərdə dözümlülük və qarşılıqlı anlaşma səviyyəsi yüksəkdir. Bu gün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün zəruri tədbirlər görülür. Eyni zamanda, müvafiq dövlət qurumları dini durumu davamlı təhlil edir, müxtəlif din və məzhəbləri təmsil edən dini icmalar arasında qarşılıqlı hörmət prinsiplərinin qorunub saxlanılması, radikal dini cərəyanların yayılmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir. Ən ciddi fəaliyyət isə cənab prezidentin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi ilə bağlı qərarından sonra həyata keçirilən çoxsaylı tədbirlər oldu. Bu sahədə oyanış və ciddi irəliləyiş müşahidə olunmağa başladı. Ölkə daxilində və xaricində bir çox tədbirlər, konfranslar keçirildi, xarici qonaqların ölkəmizdəki multkulturalizm ənənələri ilə tanış olmaq məqsədilə ölkəmizə səfərləri artdı, eyni zamanda, dindarlarımız da Azərbaycandakı multikultural və tolerant mühitin özünəməxsusluqlarını dünya ictimaiyyətinə və xüsusən də, müxtəlif ölkələrin dini liderlərinə çatdırmaq üçün əlavə imkanlar əldə etdilər.

Dövlət başçımız cənab İlham Əliyev din sahəsinə, məscid, kilsə və sinaqoqların təmir və bərpasına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan din sahəsinə dövlət səviyyəsində maliyyə ayıran, dini ibadət yerlərini dövlət hesabına təmir və bərpa edən az sayda ölkələrdəndir.

Eyni zamanda Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif ölkələrdə xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində vətənimizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır.

- Əcnəbilərə və Azərbaycan vətəndaşlığı olmayan şəxslərə dini ayinlərin, dini mərasimlərin keçirilməsi qadağan olunub. Bu, Azərbaycana nə verəcək?

- “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəmizdə dini təbliğatın aparılması qadağandır. Bu maddə müstəqilliyin ilk illərindən sözügedən qanunda öz əksini tapıb və bu qadağa yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur. Burada əsas məqsəd ölkəmizin dini təhlükəsizliyinin təmin olunması və xarici qüvvələrin Azərbaycanda dini duruma təsirlərinin qarşısının alınmasıdır. Təcrübə bəzi əcnəbilərin ölkədə dini təbliğat aparmalarının ciddi fəsadlar törədə biləcəyini və beləliklə, dini durumu gərginləşdirəcəyini göstərir. Müstəqilliyin ilk illərində Azərbaycan bu acı həqiqətləri yaşadı və nəticədə, Azərbaycan üçün ənənəvi olmayan bir sıra zərərli dini cərəyanlar ölkəmizdə öz ideologiyalarını yaymağa cəhd etdi. Bu maddənin “Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsinin ölkədə sabitliyin qorunmasına ciddi faydası oldu, dini duruma xarici təsirlər minimuma endirildi və radikal meyllərin ölkədə yayılmasının qarşısı xeyli alındı.     

“Bir sıra qurum və şirkətlər Azərbaycanda Həcc ziyarətinin təşkilini öz üzərilərinə götürmək istəyiblər. Lakin bu, bir çox hallarda zəvvarlar üçün müəyyən sıxıntı və çətinliklərin yaranmasına səbəb olub”

Hazırda Həcc mövsümünü yaşayırıq. Azərbaycandan fərqli olaraq, digər ölkələrdə bu səfərləri müxtəlif təşkilatlar tur şəklində həyata keçirir. Bu rəqabət qiymətlərin münasib olmasına da səbəb olur. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı.

- Bildiyiniz kimi, Həcc ziyarəti adi tur səfəri deyil və daha çox mənəvi mahiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində bu ziyarətin təşkilatçılığını dini idarələr öz üzərinə götürür. Qafqaz Müsəlmanları İdarəsi müsəlman icmalarının dini mərkəzi sayıldığından, səfərin olduqca ağır olduğunu, böyük məsuliyyət tələb etdiyini, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzunu nəzərə alsaq, bu missiyanı həmin idarənin həyata keçirməsi normaldır. Bununla yanaşı, idarə Həcc ziyarətinin təşkili ilə uzun illərdir məşğul olduğundan bu sahədə böyük təcrübəyə malikdir. Ayrı-ayrı vaxtlarda bir sıra qurum və şirkətlər Azərbaycanda bu ziyarətin təşkilini öz üzərilərinə götürmək istəyiblər. Lakin bu, bir çox hallarda zəvvarlar üçün müəyyən sıxıntı və çətinliklərin yaranmasına səbəb olub.  

- Bir şəxsin bir neçə dəfə Həccə getməsinin mənəvi məsuliyyəti haqda hansı fikirləri söyləmək olar?

- Bu, sırf teoloji və şəxsi məsələdir. Dini baxımdan bir şəxsin bir dəfə Həccə getməsi yetərli sayılır və bununla o, üzərinə düşən dini vəzifəni yerinə yetirmiş olur.

“Hüquq-mühafizə orqanları radikal və ekstremist meyllərin qarşısının alınması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir”

- Azərbaycanda dini radikalizm hansı səviyyədədir?

- Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilkin dövrlərdə bir sıra qeyri-ənənəvi dini təriqətlər ideologiyalarını ölkəmizdə yaymağa cəhd göstərərək müəyyən sayda ölkə vətəndaşlarını öz sıralarına cəlb etməyə nail olmuşdu. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də qətiyyətli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Tam əminliklə söyləyə bilərəm ki, o zaman həmin tədbirlər həyata keçirilməsəydi, biz bu gün ölkədə dini sahədə tam fərqli və namünasib bir mənzərənin şahidi olardıq. Həmin dövrdə qonşu respublikalarda dini sahədə müəyyən gərginliklər müşahidə olunsa da, Azərbaycanda sabitlik hökm sürdü.

Hazırda hüquq-mühafizə orqanları radikal və ekstremist meyllərin qarşısının alınması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ölkədə bütün radikal dini cərəyanların fəaliyyəti nəzarətə götürülüb, zərərli dini ədəbiyyatın idxalının və ölkədə yayılmasının qarşısı alınıb. Eyni zamanda, qanunlara müəyyən əlavə və dəyişikliklər edilib, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Buna paralel olaraq ölkədə geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Son bir ildə şəhər və rayonlarda yüzlərlə belə tədbirlər həyata keçirilib, artıq bu tədbirlərin səmərəsi açıq hiss olunur. 

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bütün ölkə vətəndaşları qanunun aliliyini qorumalıdırlar. Bu, ən şərəfli vəzifədir. Dövlət dini etiqad və vicdan azadlığı üçün lazım olan hər cür şərait yaradıb, vətəndaşların üzərinə düşən əsas vəzifə qanunun tələblərini yerinə yetirmək, dövlətin həyata keçirdiyi quruculuq işlərində yaxından iştirak etməkdir.

“Bu günə kimi təxminən 1000-ə yaxın Azərbaycan vətəndaşı xaricdə dini təhsil almağa gedib, onların böyük bir qismi artıq Azərbaycana dönüb”

- Ölkəmizdə dini təhsil sahəsində vəziyyət necədir? Kadr təminatı sahəsində problemlər varmı?

- Bildiyiniz kimi, Azərbaycan hökuməti dini təhsil sahəsinə xüsusi qayğı və diqqət göstərir, təhsilin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daim müəyyən tədbirlər həyata keçirir. Bu gün Azərbaycanda təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi üçün dövlət lazım olan bütün addımları atır və bundan sonra da zəruri tədbirləri görəcək. Hazırda bu sahə dövlətin ciddi nəzarətindədir. Bu gün ölkədə iki ali məktəb – Bakı Dövlət və Bakı İslam universitetləri ali dini təhsil verir. Din sahəsində mütəxəssislərin hazırlanmasında bu təhsil ocaqlarının rolu böyükdür. Bununla yanaşı, ölkədə bir neçə dini mədrəsə fəaliyyət göstərir. Yeni mədrəsələrin açılması ilə bağlı müəyyən hazırlıq işləri görülür. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi din sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə faydası böyük olan hazırlıq kursları təşkil edir.

- Xaricdə dini təhsil alanların statistikası barədə məlumat varmı?

Ümumiyyətlə, bu günə kimi təxminən 1000-ə yaxın Azərbaycan Respublikasının vətəndaşı xaricdə dini təhsil almağa gedib, onların böyük bir qismi artıq Azərbaycana dönüb. Bu şəxslərin çoxu müstəqilliyin ilk illərində xaricə təhsil almağa gedənlərdir. Onu da qeyd edim ki, hazırda bu tendensiyanın zəiflədiyi müşahidə olunur. Həmin tələbələrin bu gün fəaliyyəti əlaqədar dövlət qurumlarının qayğısı və nəzarəti altındadır. Xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi həmin tələbələrin cəmiyyətdə özünə yer tapması, işlə təmin edilməsi, dini və dünyəvi biliklərinin artırılması, eləcə də digər problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.    

- Müşavir təyin edildikdən sonra dini sahədə hansı problemlərin həllinə ilk növbədə diqqət yetirməyi zəruri saydınız və bu problemlərin həlli istiqamətində ötən dövrdə hansı uğurlar əldə olunub?

- Bildiyiniz kimi, mən bu vəzifəyə təyin olunduqdan sonra ilk işim Azərbaycanın bütün bölgələrinə səfər edərək dini ibadət yerlərinə baş çəkmək, dindarlarımızla, müxtəlif konfessiyaların nümayəndələri ilə görüşüb söhbət etmək və dini durumu dərindən öyrənmək oldu. Həmin dövr ölkədə dini durum bir qədər gərgin idi, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə döyüşlərə cəlb edilməsi ilə bağlı həyəcanlı xəbərlər yayılırdı. Bu sahədə dövlət təşkilatları ilə koordinasiyalı şəkildə gördüyümüz əsas işlərdən biri radikal və ekstremist cərəyanların ölkədə yayılmasının qarşısının alınması və maarifləndirmə işinin gücləndirilməsi oldu. Son bir neçə ildə Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiQafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə maarifləndirmə sahəsində bir sıra ardıcıl və məqsədyönlü layihələr həyata keçirilib. Ölkəmizin ümumi inkişafı, dünyanın aparıcı ölkələri sırasında qətiyyətli, özünəinamlı şəkildə yer alması da öz-özlüyündə dini müstəvinin loyallaşma dərəcəsini yüksəldib. Radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb, Heydər Məscidinin nümunəsi, Qafqaz Müsəlmanları İdarəsinin təşviqi əsasında bir sıra məscidlərdə vəhdət namazlarının qılınmasına, məscidlər arasında mənəvi bağların gücləndirilməsinə nail olunub. Bu, bütün dünya üçün örnək hadisədir. Artıq ziyarətgahlar və məscidlər mənsub olduqları məzhəbdən asılı olmayaraq bir-birinə birbaşa yardım əli uzadır. Mir Mövsüm Ağa ziyarətgahının Zaqatalanın Əliabad kənd məscidində aparılan təmir işlərinə yardım göstərməsi buna bariz nümunədir. Eyni zamanda, Azərbaycan alimlərinin Bərdə İmamzadə Kompleksində aparılan təmir və bərpa işlərində yaxından iştirak etməsi onlar arasında birliyin və həmrəyliyin yüksək göstəricisidir.  

- Məzarlıqlarla bağlı məsələ hələ də açıq qalıb. Bu məsələ ilə əlaqədar gah qanun layihəsi hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması, gah da Nazirlər Kabinetinin qərar qəbul etməsi barədə təkliflər səslənirdi. Bu yaxınlarda Dini Komitənin sədri Mübariz Qurbanlı mətbuata açıqladı ki, qərar layihəsi forması daha realdır və hətta Nazirlər Kabinetində bununla bağlı  üç dəfə müzakirə keçirilib. Bu məsələnin həllinin bu qədər uzanmasına mane olan nədir?

- Sözügedən sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyi ilə birgə hazırlayaraq Nazirlər Kabinetinə və digər əlaqədar qurumlara təqdim edib. Məndə olan məlumata əsasən həmin məsələ ilə bağlı müxtəlif dövlət qurumları ilə müzakirələr aparılıb, görüşlər keçirilib, rəylər alınıb. Yaxın zamanlarda bu məsələnin də öz həllini tapacağı gözlənilir. 

- Yas mərasimlərinin təmtəraqlı təşkil olunmasına qarşı bir müddət əvvəl təqdirəlayiq kampaniya başlandı və qismən bunun qarşısı alındı. Rəhbərlik etdiyiniz dövlət müşavirliyi və Dini Məsələlər üzrə Dövlət Komitəsi israfçılığa qarşı mütəmadi təbliğat aparırdı. Lakin sonradan Qafqaz Müsəlmanları İdarəsi sədrinin qardaşı, deputat Cavanşir Paşazadə mətbuata bu kampaniyadan narahatlığını ifadə edən açıqlama verərək bildirdi ki, bu, adət-ənənədən irəli gəlir və mərasimlərə qarışmaq düzgün deyil. Bunun ardınca da yenidən təmtəraqlı yas mərasimlərinin keçirilməsi artdı. Bu barədə nə deyə bilərsiniz?

- Onu deyə bilərəm ki, bu məsələ məcburi olmur, bu, ictimaiyyətin işidir və insanlar özləri bu haqda öz sözlərini deməlidirlər. Bilirsiniz ki, Naxçıvanda bu məsələ nümunəvi şəkildə öz təbii həllini tapıb. Bəzi başqa yerlərdə də biz bunun müsbət təzahürlərini görürük. Həyat özü hər şeyi tənzim edir və edəcək. Müsəlman ölkələrində bizdə təşkil olunan yas mərasimləri kimi mərasimlər, demək olar ki, yoxdur və dini müstəvidə baş verən proseslər din daşıyıcıları, ictimaiyyət tərəfindən tənzimlənir. İnanıram ki, yavaş-yavaş bu məsələdə də optimal nəticəyə gələcəyik.

“Dindarlar məscidə ancaq namaz qılmağa və moizəyə qulaq asmağa gəlməməlidirlər”

- Məscidlərdə kitabxanaların yaradılması barədə informasiyalar yayılmışdı. Bu məsələ nə yerdədir?

- Bölgələrdə səfərdə olarkən məscidlərin kitab rəflərində ən yaxşı halda yalnız dini ədəbiyyatın olduğunu görürdüm. Düşünürdüm ki, ibadət ocaqlarında dini kitablarla yanaşı, dünyəvi mövzulara aid kitabların da olmasına böyük ehtiyac var. Ömrünün mənasını İmam Hüseyn türbəsinə xidmət etməkdə görmüş dahi şairimiz Füzulinin əsərləri məscidlərdə niyə olmasın? Digər klassiklərimizin də həmçinin. Dindarlar məscidə ancaq namaz qılmağa və moizəyə qulaq asmağa gəlməməlidirlər. Məscid bu gün ancaq məscid yox, həm də mənəviyyat, tərbiyə və maarif mərkəzi olmalıdır. Təbii ki, belə məscidin axundu və imamı insanların maariflənməsi yolundakı ehtiyaclarını adekvat şəkildə ödəməlidir. O, daim özünü elmi baxımdan təkmilləşdirməlidir. Bu gün öyrənmək istəyənlərin tələbi çox yüksəkdir. Artıq məscidlərdə kitabxana ilə bağlı bir sıra işlər görülüb. Bakıda və respublikanın bir sıra rayon və şəhərlərinin məscidlərində, ziyarətgah komplekslərində həm dini, həm də dünyəvi məzmunlu ədəbiyyat üçün rəflər ayrılıb, kiçik də olsa, kitabxanalar yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mütəmadi olaraq Azərbaycan məscidlərinə yeni kitablar paylanılır.

- Bilik Fondunun fəaliyyəti haqda danışmağınızı istərdik. Fond hazırda hansı layihələri həyata keçirir?

- Bu qurum da ölkə əhalisinin müxtəlif istiqamətlərdə maarifləndirilməsi üçün cənab prezidentin böyük uzaqgörənlikdə yatdığı qurumlardan biridir. Paytaxt və regionlarda, ən müxtəlif sosial zümrələr arasında maarifləndirmə işi aparan Bilik Fondunun 300-dən çox mühazirəçisi, Azərbaycanın 76 şəhər və rayonunda nümayəndəsi var. Onların əksəriyyəti tanınmış ziyalılar, elm, təhsil təşkilatçısı, maarifçi insanlardır. Bilik Fondu əhalimizin maarifləndirilməsi, müxtəlif elm sahələrinin mütəxəssislərinin dünyada baş verən elmi yeniliklərdən xəbərdar olması üçün Çexiya, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Moldova və digər ölkələrdən dəvət edilmiş alimlərin də mühazirələrini təşkil edir. Fond Nardaran, Oğuz, Qax və Şəmkir rayonlarında bilik evləri açıb, Astara və İsmayıllıda bilik evlərinin açılması oktyabrın 5-də - Müəllimlər Günündə olacaq.

Bilik Fondu həm də gənclərimizin məşğuliyyəti ilə bağlı layihələr həyata keçirməkdədir. Bir faktı deyim ki, Qax Bilik Evi 5 qonşu rayondan olan 15 nəfər müxtəlif avtomobil təmiri sexlərində şagird kimi çalışan, həmçinin işsiz gənclər üçün yeni nəsil avtomobillərin təmiri kursları təşkil etdi və bu kursları bitirən gənclərin əksəri hazırda müxtəlif avtomobil təmiri sexlərində usta kimi çalışırlar. Bilik Fondu Rus Pravoslav Kilsəsinin və ölkəmizdəki Rus İcmasının müraciəti əsasında rus vətəndaşlarımız üçün Azərbaycan dili kursları təşkil edir, artıq bu kursları bitirənlər də var.

Nardaran Bilik Evinin təşəbbüsü ilə Bakı şəhərinin bir sıra kənd və qəsəbələrinin gəncləri üçün “Avto Azərbaycan” şirkətində yeni nəsil maşınlara texniki yardım göstərilməsi üzrə təlim kursu davam etməkdədir.

Fondun “Qafqaz Albaniyasının intibahı”, “Kitabi-Dədə Qorqud-Fridrix fon Dits-200”, “İl boyu bilik”, “Dini abidələrdə tarixin izləri”, “Yaradıcılıq fakültəsi”, “Auditoriya+”, “Docento discimus” layihələri üzrə elmi seminarlar, “dəyirmi masa”lar, bilik, əl işləri, inşa yazı müsabiqələri və kitab təqdimatları keçirilir.

Bilik Fondunda ölkə prezidenti İlham Əliyevin çox böyük əhəmiyyətə malik olan “Ölkəmizi tanıyaq” layihəsindən doğan və onun davamı olan “Qardaşlaşmış məktəblər” layihəsi həyata keçirilir. Bu layihə nəticəsində müxtəlif regionlardan və paytaxtdan olan məktəblilər digər regionlarımızda fəaliyyət göstərən məktəblərlə qardaşlaşır, onlarla bir yerdə müxtəlif tədbirlər keçirir, Azərbaycanın təbiəti, insanları ilə daha yaxından tanış olur və bununla ölkəmizdəki tolerant və multikultural mühitin daha da dərinləşməsinə xidmət edirlər. Bu il “Qardaşlaşmış məktəblər” layihəsi öz humanist ideyası ilə ölkə xaricinə çıxdı və 2016-cı ilin fevral ayında Moskva və Ankara məktəblilərini Bakıda qardaşlaşdırdı. Xatirinizdədirsə, bu zamanlar Türkiyə və Rusiya arasında münasibətlər məlum səbəbə görə ən gərdin həddə çatmışdı. Belə bir zamanda türkiyəli və rusiyalı məktəblilərin öz direktorları və müəllimləri ilə Bakıya gəlməsi və bir-birinə qardaşlıq əli uzatması bir qəhrəmanlıq idi. Bakı da sülhün və qardaşlığın ünvanı kimi öz ağuşunu onlara məhəbbətlə açdı. Zaman göstərdi ki, biz doğru yoldayıq. O məktəblilər arasında layihənin xeyirxah və qardaşlıq missiyası bu gün də davam etməkdədir. Bu maraqlı layihəyə qoşulmaq istəyən onlarla yerli və xarici məktəblər var.

- Sədri olduğunuz Azərbaycan Yaradıcılıq Fondunun fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun adı ilə təsis edilib və 1992-ci ildən 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyət göstərib. 2008-ci ildən Azərbaycan Yaradıcılıq Fondu adlanır. Hazırda bu Fond səhnədən getmiş sənətkarlarla yanaşı, gənc istedadların da mütəmadi toplaşdığı məkana çevrilib. Fondun ətrafında artıq ədəbi bir cameə formalaşmaqdadır. Tarixi irsimizin, maddi-mənəvi dəyərlərimizin gənclərə daha dolğun çatdırılması üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Qafqaz Albaniyasına səyahət” layihəsi də hazırda icra olunmaqdadır. Layihə əsasən gənc nəslin maarifləndirilməsinə yönəlib. Bu çərçivədə Qafqaz Albaniyası dövrünə aid dini məbədlərə ekskursiyalar təşkil olunub, eyni adlı sənədli film çəkilib. Bundan başqa, Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Quran motivləri əsasında hekayələr” müsabiqəsi təşkil edilib. Qaliblərə pul mükafatları, diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsihəmin layihənin davamı olaraq “Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edib. Müsabiqəyə artıq 70-ə qədər əsər təqdim edilib, yaxın günlərdə müsabiqənin yekun mərasimi keçiriləcək. Fond hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə “Sönməyən ulduzlar” adlı mənəvi və sosial yardım layihəsini həyata keçirir. Yaradıcılıq Fondunun sim-sim.az saytı artıq bir ildir ki, fəaliyyət göstərir, saytın fəaliyyəti nüfuzlu mədəniyyət və ədəbiyyat xadimləri tərəfindən rəğbətlə qarşılanır. Xüsusilə qeyd edilməlidir ki, bu ilin iyun ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” Beynəlxalq jurnalı işıq üzü görüb. Jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə yeni impulslar töhfə verməkdir.  

 APA

Cavid Zeynallı

Tarix: 20.09.2016

Son xəbərlər