Bilik Fondu, Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Akademiyası arasında üçtərəfli Saziş imzalanıb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında üçtərəfli Saziş imzalanıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun imzaladıqları Sazişə görə, tərəflər müxtəlif yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu Sazişin mədəniyyətimiz və incəsənətimiz üçün yeni yollar açacağına, mədəni, eyni zamanda, intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib: “Azərbaycan istedadları ilə seçilən ölkədir. Hər dövrdə sayılıb-seçilən istedadlı şəxslərimiz olub. Belə insanlar ölkənin hər yerində bu gün də var. Onların yaradıcılıq imkanlarının genişləndirilməsi, fəaliyyətlərinin diqqət mərkəzinə çəkilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə müqavilə imzaladığı təşkilatlara dəstək verməyə hazırdır”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bu Sazişin rəhbərlik etdiyi Akademiyasının tələbələri üçün önəmindən söz açıb. Onun sözlərinə görə, tələbələrin yaradıcılıq uğurları indi yalnız Rəssamlıq Akademiyasının çərçivəsində qalmayacaq, həm də Bilik Fondunun, Mədəniyyət və İncəsənət Universitetinin diqqət mərkəzində olacaq, bu da onların inkişafına stimul verəcək. 
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva üç yaradıcı və maarifləndirici təşkilatın birgə görəcəyi işlərə böyük ümid bəslədiyini vurğulayıb. 
Bilik Fondu Azərbaycanın təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığın hüdudlarını genişləndirməkdə davam edir.

Tarix: 23.02.2015

Son xəbərlər