Bilik Fondu Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Saziş imzaladı


Bilik Fondu Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə fəaliyyət planlarını genişləndirib. Akademiyada keçirilən "Hərbi psixologiya və pedaqogika" kitabının təqdimat mərasimindən sonra iki qurum arasında əməkdaşlıq Sazişi imzalanıb. 

İmzalanma mərasimindən əvvəl çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev "Hərbi psixologiya və pedaqogika" kitabının əsgərlər arasında geniş təbliğatının aparılmasının vacibliyini diqqətə çəkib. General-leytenant onu da vurğulayıb ki, Bilik Fondunun həyata keçirdiyi layihələr içərisində hərbçilərin maarifləndirilməsi və mülki əhalinin hərbi sahəsində zəruri biliklərinin artırılması istiqamətində birgə işlərin görülməsi qüdrətli ordumuzun həm də savadlı kadrlarla təminatında böyük rol oynayacaq. 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun maarifləndirmə missiyası daşıdığını xatırladaraq, Azərbaycan əsgərinin, zabitinin yüksək intellektə yiyələnməsi üçün birgə fəaliyyətə ehtiyac olduğunu deyib. O. Səmədov bildirib ki, hərbi hissələrdə müxtəlif mövzularda mühazirələrin təşkilindən tutmuş, əsgərlərin tarixi yerlərə ekskursiyasına qədər birgə rəngarəng proqramlar hazırlamaq mümkündür. 
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının struktur rəhbərləri və əməkdaşları da iştirak ediblər. Onlar çıxışlarında Bilik Fondunun fəaliyyətindən razılıqla danışaraq, maraqlı təkliflər səsləndiriblər. 
Bilik Fondu Azərbaycanın təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığın hüdudlarını genişləndirməkdə davam edir.

Tarix: 22.02.2015

Son xəbərlər